® Zahid Oruc: “Cəmil Həsənli bizimlə birgə Fəxri Xiyabanda Ulu Öndərin məzarı önündə baş əyirdi”

Prezidentliyə müstəqil namizəd Zahid Oruc Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda seçicilərlə görüş-mitinq keçirib. Mitinq Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Daha sonra Zahid Orucun vəkili Nizami Quliyev onun tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti barədə danışıb. Prezidentliyə müstəqil namizəd Zahid Oruc isə çıxış edərək, seçki platforması barədə mitinq iştirakçılarına məlumat verib, prezident seçiləcəyi təqdirdə həyata keçirəcəyi islahatlardan danışıb. Ölkədəki ictimai-siyasi vəziyyətə də toxunan Zahid Oruc Demokratik Qüvvələrin Milli Şurasını, qurumun namizədini tənqid edib.

«Mən bura Cəmil Həsənli üçün gəlməmişəm. 10 il bizim deputat yoldaşımız olub. Bizimlə çiyin-çiyinə Fəxri Xiyabana gedib, Ulu Öndərin qarşısında baş əyirdi. Və onda daha səmimi görünürdü bizə. 2010-da deputata seçilməyən kimi aləm qarışdı. Cəmil Həsənlinin mübarizəsi xalq uğrunda deyil. Cəmil Həsənli itirdiyi kreslonun ağrısı ilə yaşayır”.

Zahid Oruc bildirib ki, namizədliyini irəli sürməsi Heydər Əliyevin kursunu tanıyan, lakin müəyyən sosial dəyişiklikləri gözləyən, vətəndaş-məmur münasibətində yeniləşməni dəstəkləyənlərin mövqeyi üçün gərəklidir. Azərbaycanda təhsilin səviyyəsinin daha da yüksəldilməsindən söz açan Zahid Oruc müəllimlərə dövlət qulluqçusu statusu verilməsinin vacibliyini vurğulayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv