Dövlət Komitəsi: Son döyüşlər zamanı dağıdılan ibadət evləri bərpa olunacaq

“Aprelin əvvəllərində erməni təcavüzü nəticəsində dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək”.

 

APA TV-nin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

O qeyd edib ki, ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yerləşən məscidlərdən daim başqa məqsədlər üçün istifadə ediblər: “Sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilib. Tədbirdə  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin tələbələri və digər qonaqlar iştirak edib. Konfrans çərçivəsində "Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi", eləcə də "Milli-mənəvi dəyərlərimiz" mövzusunda müzakirələrin keçirilməsi, eləcə də mühazirələrin dinlənilməsi nəzərdə tutulub. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov