Brüsseldə Ermənistan əleyhinə aksiya keçirildi
Brüsseldə Azərbaycan diasporunun 50-dən artıq nümayəndəsi, Azərbaycanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər.
APA TV-nin xəbərinə görə, sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.
Brüsselin tarixi “Square de Meeus” parkında toplaşan etirazçılar Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb və “Sarkisyan - təxribatçı”, “Mülki vətəndaşları hədəfə almağı dayandırın”, “BMT qətnamələrinə riayət edin - erməni qoşunlarını çıxarın!”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın!”, “Biz Qarabağıq”, “Biz Xocalıyıq” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi çıxışında bildirib ki, aksiya təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsinə, bunun nəticəsində onlarla Azərbaycan hərbçisi və mülki vətəndaşlar arasında tələfata etirazdır.