Ötən ay Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin mart ayı ərzində dövlət sərhədini pozduqlarına görə 26 halda 38 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən xəbərə görə, onların 16 nəfəri Azərbaycan, 7 nəfəri Banqladeş, 4 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 3 nəfəri Nigeriya, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Belçika, Türkiyə və Moldova vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 14 nəfər, Xəzər dənizində 22 halda 45 nəfər, sərhəd nəzarət məntəqələrində 599 halda 759 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 440 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 7 halda 478 kiloqram 380 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 93 halda ümumi dəyəri təqribən 20 milyon 121 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd pnevmatik tapança, 1 ədəd tüfəng, 1 ədəd 9 mm-lik patron, 3 ədəd 12 mm-lik patron, 1 ədəd elektroşok cihazı, 1 ədəd beşbarmaq, 48916 ABŞ dolları, 25626 qutu siqaret, 1900 qram zinət əşyası, 13 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.