Prezident İlham Əliyev Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də Malayziya parlamentinin Nümayəndələr Palatasının sədr müavini Seri Ronald Kiandeeni qəbul edib.

 

APA TV-nin məlumatına görə, Malayziya parlamentində yaradılmış Azərbaycanla dostluq qrupu haqqında məlumat verən Seri Ronald Kiandee Bakıya ilk dəfədir səfər etdiklərini bildirib, 8 deputatdan ibarət Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətinin ölkələrimizin qanunverici orqanları arasında mövcud əlaqələrin inkişafındakı rolundan danışıb.

 

Qonaq azərbaycanlı həmkarları ilə qarşılıqlı səfərlərinin önəmini qeyd edib. Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu deyən Seri Ronald Kiandee Malayziyanın Petronas şirkətinin ölkəmizdəki fəaliyyətini əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirib.

 

Prezident İlham Əliyev Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfərini və keçirdikləri görüşlər zamanı aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycanla Malayziya arasında əlaqələrin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını deyən dövlət başçısı bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, turizm və digər sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib. Malayziyanın "Petronas" şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən dövlət başçısı şirkətin ölkəmizdə mühüm layihələrdən birində böyük paya sahib olduğunu qeyd edib.

 

Azərbaycan və Malayziyanın dost ölkələr olduğunu bildirən Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb, bu səfərin iki ölkənin parlament nümayəndələri arasında daha fəal qarşılıqlı əməkdaşlıq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv