Bakıda zəncirvari qəza: iki qardaşın maşını vuruldu

Bakıda zəncirvarı yol qəzası olub. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında qeydə alınıb.

 

Qəza zamanı Kazımov Rəşad Rauf oğlunun idarə etdiyi  "Toyota" markalı maşın, Əliyev Vüsal Mehman oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşınına və Əliyev Xəqani Mehman oğlunun idarə etdiyi "VAZ-2107"yə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib.

 

Əliyev qardaşlarının bildirdiyinə görə, onlar avtomobillərini prospektin köməkçi hissəsində saxlayaraq, qarşıdakı yanacaqdoldurma məntəqəsinə sarı gediblər.  Qayıdanda da qəzanın şahidi olublar. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəzadan sonra yolda tıxac yarandığından, hadisə yerinə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən maşınlar hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.

 

Qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizadan sonra müəyyən olunacaq. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv