Dünya çempionunun evi külə döndü
Bakının Nizami rayonu ərazisində güclü yanğın olub. Qara Qarayev prospektində yerləşən yataqxanaların birində məskunlaşan Qocayevlər ailəsinə məxsus mənzil yanaraq külə dönüb.
Evi yanan Zəngilanlı məcburi köçkün Hüseyn Qocayevin APA TV-yə verdiyi məlumata görə, yanğın onlar evdə olmayan vaxt baş verib. Yanğının nə səbəbdən baş verməsi bilinməsə də, nəticəsi Qocayevlər ailəsi üçün çox ağır olub. Evlərində nələri varsa hamısı yanaraq külə dönüb. Hətta ailənin dünya çempionu olan oğlunun orden və medalları da...
Yanğından qonşular xəbər tutublar. Onlar dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynat telefon xəttinə məlumat veriblər.
Hadisə yerinə nazirliyin Yanğından Mühafizə İdarəsinin Nizami Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər qısa zamanda artan alovun qarşısını alaraq yanğının digər mənzillərə keçməsinə imkan verməyiblər.
Yataqxana sakinlərinin sözlərinə görə, yaşadıqları binada qaz yoxdur. Yanğına elektrik xətlərində baş verən qısaqapanmanın səbəb ola biləcəyi güman edilir.