Suriyada parlament seçkiləri keçirilir
Suriyada davam etməkdə olan hərbi münaqişəyə rəğmən, parlament seçkiləri keçirilir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkənin 13 əyalətində keçirilən səsvermə prosesi hələlik hər hansı bir insident olmadan davam edir.
Seçki günü terror təhlükəsinin olması ilə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Parlamentdə mövcud 250 deputat yeri uğrunda 3500 namizəd mübarizə aparır ki, bu da ötən dəfəki seçkilərdən dəfələrlə çoxdur. Suriya Milli Şurası da daxil olmaqla, müxalifət seçkilərdə iştirak etmir. Yeganə istisna barışıq prosesini dəstəkləyən müxalif qrupların nümayəndələridir. Hər iki şəhər İŞİD terrorçularının nəzarətində olduğundan səsvermə yalnız Rakka və İdlib şəhərlərində keçirilmir.
26 fevral 2012-ci il tarixdə keçirilən referendumda qəbul olunan konstitusiyaya əsasən, səsvermə prosesi çoxpartiyalı sistem üzrə təşkil olunub. Namizədlərə qoyulan tələblərə gəlincə, seçkilərdə yaşı 25-dən yuxarı olan və ölkə ərazisində 10 ildən artıq daimi yaşayan vətəndaşlar namizəd ola bilərlər. 2012-ci ildə keçirilmiş parlament seçkiləri zamanı səsverməni "BƏƏS" partiyasını təmsil edən "Milli Birlik" koalisiyası qazanmışdı.
Qeyd edək ki, səsvermə prosesini işıqlandırmaq üçün 160-dan çox xarici mətbuat nümayəndəsi akkreditasiyadan keçib.