Gəncənin şəhid yadigarları muzeyi - REPORTAJ
Saat, daraq, kəmər, müxtəlif sənədlər, üzərində arzular yazılan siqaret dənələri... Gördüyünüz bu əsgər əşyaları Gəncənin Sevil Qazıyeva küçəsində yerləşən bir evdə yaradılan muzeydə toplanır.
Muzeyin yaradıcısı Elnarə Tağıyeva uzun illər Müdafiə Nazirliyinin nəzdində olan Əşya Əmlak Xidməti Kombinatında işləyib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ uğrunda gedən döyüşlər zamanı tanıdığı əsgərlərin şəhid olması xəbərlərini alanda onların xatirəsini yaşatmaq üçün bu muzeyi yaratmaq qərarına gəlib: "1992-ci il müharibənin ən qızğın vaxtları idi. Demək olar ki, bütün bölgələrdən əsgərlər bizim kombinata paltarlarını gətirirdilər. Onları yuyub cəbhəni təmiz paltarla təmin edirdik. Gələn əsgərdən soruşurduq filankəs hanı? Deyirdilər ki, şəhid olub. Mən də gəlib valideynlərimdən icazə aldım. Məsləhətləşdim ki, müharibə qurtarandan sonra bilinməyəcək ki, kim öldü, kim qaldı. Hərbçilərdən yadigarlar toplayıb evimizdə otaqlardan birini muzey edib-edə bilməyəcəyimi soruşdum".
Və beləliklə, Elnarə Tağıyeva yaşadığı evin bir otağında muzey yaradır. Eksponatların sayı artıqdan sonra muzey genişlənərək iki otağa yerləşdirilib. Burada hər bir eksponat müharibənin dəhşətini xatırladır. “Mənim üçün sənsiz çətindir Qarabağ”, “Torpaqlarımızı işğaldan azad edəcəyik”, “Vətən bizi çağırır” kimi şüarlar əks olunan eksponatları muzeyə toplamaq Elnarə üçün heç də asan olmayıb: "İlk aldığım yadigar 1992-ci ildə Yusif Mirzəyevdən oldu. Azərbaycanın Milli Qəhrəmanıdır. Siqaretinin üstünə ürək sözlərini yazdı. Bir dənə də kibrit dənəsi götürdüm. Dedim ki, aparıb sizdən yadigar saxlayaram".
Muzeydə 500-ə qədər hərbçinin ürək sözləri yazılan eksponat var. Həmçinin burada 251 şəhidin yadigarı toplanıb. Elnarə 89 Milli Qəhrəmana aid əşyaları muzeyə yığa bilib. Otaqda döyüş paltarları, ayaqqabılar, əsgərlərin müalicə aldığı hospitallardakı çarpayıların simvolik formaları da yer alıb. Ramil Səfərov Elnarə Tağıyeva ilə görüşəndə Türkiyədə təhsil aldığı zaman geyindiyi formasını muzeyə hədiyyə edib.
Elnarə Tağıyevanın sözlərinə görə, hazırda işsiz olsa da, atasının aldığı təqaüdlə muzeyi yeni eksponatlarla təmin edir. Onun sözlərinə görə, şəhidlər barədə mətbuatda məlumat əldə edəndən sonra yaşadıqları ünvana gedərək onların yaxınları ilə görüşür: "Ümumiyyətlə, 26 bölgədə olmuşam. Elə rayon var 6, eləsi var 8 kəndində olmuşam. Eləsi var ki, bir kəndinə getmişəm. Harada eşitmişəm ki, şəhid ailəsi var, gedib onların ailələri ilə görüşüb şəhidlərimizin yadigarlarını alıb muzeyə gətirmişəm".
Elnarə Tağıyeva bildirir ki, muzeyə gəlib eksponatlara baxanlar çoxdur. Hətta müharibə vaxtı gilizin içərisinə arzu yazıb muzeyə hədiyyə edən əsgərlərdən də gəlib ziyarət edənlər olub. Türkiyə və Avropada Qarabağ həqiqətlərini göstərmək üçün təşkil olunan sərgidə Elnarə Tağıyevanın muzeyindən də bir neçə eksponat olub.