Allahşükür Paşazadə: “Qaregin mənimlə görüşə gəlmədi”

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə şəhidlərin yaxınları iştirak ediblər.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə əmin olduğunu söyləyib: “Başımızda əmmamə olsa da, bir əsgər kimi həmişə dövlət başçımızın yanındayıq”.

 

Şeyxülislam ədalətli mövqeyinə görə Moskva və bütün Rusiyanın patriarxı Kirillə təşəkkür edib: “Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi”.

 

Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Hacı Allahşükür Paşazadənin Azərbaycanın mənəvi qələbəsi üçün çox böyük işlər gördüyünü vurğulayıb: “Din xadimlərimiz Azərbaycanın böyük qələbəyə yaxınlaşmasını bir az da intensivləşdirdilər. İnşallah, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik. Ruhanilər çox böyük qüvvədir, onlar qələbənin ruhu üçün böyük xidmət göstərdilər və göstərirlər”.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, artıq düşmən Azərbaycan dövlətinin və ordusunun nəyə qadir olduğunu bilir: “Bu gün evlərdə Azərbaycan bayraqlarının dalğalanması, dövlət başçısının portretlərinin asılması hər şeyi göstərir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz hökmən qalib gələcəyik, qaçqın və məcburi köçkünlərimiz torpaqlarımıza qayıdacaq”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə xalqda böyük ruh yüksəkliyi olduğunu vurğulayıb və şəhidlərə rəhmət diləyib. 

 

Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata xüsusən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğuna diqqət çəkib: “Bizim vəzifəmiz vətənpərvərlik ruhunu dəstəkləməkdir. Bu münaqişə həll olunmalı, Azərbaycan sülh və əmin-amanlıqda yaşamalıdır”.

 

Tədbirdə çıxış edən şəhid yaxınları da Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılacağına, Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına inandıqlarını vurğulayıblar.

 

Mərasimin sonunda Azərbaycandakı dini konfessiyaların rəhbərləri adından Ermənistanın təmas xəttində törətdiyi son təxribatla bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov