Sabirabadın məşhur oğrusu həbs olundu!
Oktyabrın 1-də M. Xəlilov küçəsi ev 19-da yaşayan Fərəcov Seymur Rafiq oğluna məxsus yaşayış evindən 2 ədəd diplom, 1 ədəd nigah haqqında və bir neçə doğum haqqında şəhadətnamə, maaş və pensiya kartları oğurlamış şəxs yaxalanıb. Yaxalanan 37 yaşlı Abbasov Elxan Sədirxan oğlunun digər oğurluqları da üzə çıxıb. İstintaqa məlum olub ki, Elxan Abbasov vətəndaşlardan müxtəlif vaxtlarda 30 min manat dəyərində qızıl-zinət və digər adda əşyalar oğurlayıb. Onun oktyabrın 5-də rayon sakini İsmayılov Elçin Eldar oğluna məxsus yaşayış evindən 7600 manat dəyərində qızıl zinət əşyları və 900 manat məbləğində nəğd pul oğurlaması müəyyənləşib.
Bundan əvvəl isə bu il mayın 28-də Novruzova Nuridə Məmmədağa qızına məxsus yaşayış evindən 965 manat dəyərində qızıl zinət əşyaları, Əliyev Anar Abbas oğluna məxsus yaşayış evindən 310 manat pul və 2 ədəd ziyarətgah üzüyü, iyun ayında Qalağayın kəndində yaşayan Balakişiyeva Bikə Rafael qızına məxsus yaşayış evindən 1 ədəd kompyuter dəsti, 1 ədəd DVD player, 1 ədəd peyk aparatı və 1 ədəd saç feni, avqustun 14-də Məmməd Xəlilov küçəsi ev 25-də yaşayan Musayev Elxan Əbil oğluna məxsus yaşayış evindən 1 ədəd brilliant qaşlı üzük, 1 ədəd Samsung Galaxy 5510 markalı mobil telefon və 500 ABŞ dolları məbləğində nəğd pul oğurladığı da üzə çıxıb.
Sabirabad rayon polis şöbəsi Elxan Abbasovun digər oğurluqlarda əlinin olub olmamasını araşdırmaqda davam edir.
APA TV-nin xəbərinə görə, Elxan Abbasov əvvəllər oğurluq maddələri ilə 4 dəfə məhkum olunaraq ümumilikdə 19 il cəza çəkib.