Oğuz və Şəkidə Qarabağ əlilləri və şəhid ailələrinə yeni evlər verildi

Oğuz və Şəki rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib.

 

APA TV-nin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Oğuz və Şəki rayonları üzrə 7 ədəd yeni fərdi yaşayış evi təqdim edilib. Onlardan 5 nəfəri Qarabağ müharibəsi əlili, 2-si isə şəhid ailəsidir.

 

Əvvəlcə Oğuz rayonunda 5 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə yeni mənzillərin açarları təqdim olunub.


Daha sonra Şəki rayonunda inşa edilən iki mənzilə baxış keçirilib. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü işlər görülür. Təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.

 

Yeni fərdi yaşayış evləri ilə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Müəllif | Apa.Tv
Apa.tv