Şəmkirdə qapıya gələn alverçi ev sahibəsini bıçaqladı

Şəmkirdə qadın bıçaqlanıb. APA TV-nın qərb bürosunun xəbərinə görə, rayonun Dəllər qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ülviyyə İbrahim qızı Nəsibova bədənin müxtəlif hissələrinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən qadının vəziyyəti normal  qiymətləndirilir. Ülviyyə Nəsibovanın dediyinə görə, təxminən 40-45 yaşlarında bir qadın onların yaşadığı evə gələrək qapını döyüb və kreditə mal satdığını bildirib. Ona istəmədiklərini deyən ev sahibəsi tanımadığı qadının getdiyini görərək başqa otağa keçib: "Mən orta evə girdim. "Stenka"nın qabağına qab qoyurdum. Başımı qaldıranda gördüm məni qaraltı basdı və qadın içəri girib qapını örtdü. Başımı qaldıranda "stenka"nın şüşəsində onu gördüm. Gəlib saçımın arxasından tutub dedi pul ver, qızılın yerini de mənə. Dedim yoxdur heç nə. Saçımdan tutub başımı "stenka"ya vurdu. Bir az əlbəyaxa olduq. Mənim ona gücüm çatmadı. Bud nahiyəmdən vurdu. Başım stolun tininə dəydi, ondan sonra heç nə xatırlamıram".

 

Ülviyyə Nəsibovanın həyat yoldaşı bildirib ki, evə daxil olan qadın mənzildən 500 manat nəğd pul, 2 təqaüd kartı və qızıl-zinət əşyaları aparıb: "Saat 11 radələri idi, ev telefonundan mənə zəng gəldi. Açdım, gördüm yoldaşımdır. Ağlaya-ağlaya deyir ki evə oğru girib, vurdular məni bıçaqla. Evə gəldim, qonşunun həyətindən keçdim evə, gördüm otaqda uzanıb qanın içində. Təcili yardıma zəng vurduq, gəlib götürdük xəstəxanaya".

 

Cinayəti törədən qadının tapılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli