İranda qətl törətmiş 3 nəfər asıldı
İranda 3 nəfər edam edilib. Onlardan ikisi Mazandaran vilayətində əhalinin gözü qarşısında, biri isə Hörmüzqan vilayətində həbsxana daxilində asılıb. APA TV-nin xəbərinə görə, hər üç məhbus qətldə günahlandırılıb. Onlardan ikisi oktyabrın 5-də səhər saatlarında Babol şəhərində “Ana” meydanında ictimaiyyətin gözü qarşısında edam edilib. Bu səhnəni məhbusların qətlə yetirdiyi şəxslərin yaxınları da izləyiblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.Digər məhbus isə Bəndər Abbas şəhərinin mərkəzi həbsxanasında asılıb. Ancaq bu edam cəzasının icrası ilə bağlı İran KİV-i və məhkəmə orqanları heç bir məlumat verməyib.
Qeyd edək ki, İran qanunlarına görə, qətl törətməyin və təcavüzün cəzası ölümdür.