Ermənistan Rusiya ilə silah ticarəti məsələsinə yenidən baxacaq
Ermənistan Rusiya tərəfindən ayrılmış 200 milyon dollarlıq kredit müqaviləsi çərçivəsində ordunun silahlandırılması prosesini sürətləndirməyi planlaşdırır.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, hökumətin aprelin 15-də keçiriləcək növbəti iclasında müdafiə naziri Seyran Ohanyanın ölkəsi tərəfindən Rusiya ilə imzalanan müqavilənin şərtlərinə əməl olunması ətrafındakı vəziyyəti əks etdirən hesabatı təqdim edəcəyi gözlənilir.
Haqqında bəhs olunan müqavilənin 7 və 9-cu bəndlərinə əsasən Ermənistan Nazirlər Kabinetinə ölkənin razılaşma üzrə götürdüyü öhdəliklərə əməl olunmasına nəzarət etmək tapşırılır. Eyni zamanda ölkənin Müdafiə Nazirliyi "Rosoboroneksport" da daxil olmaqla, Rusiyanın müvafiq qurumları ilə birgə ölkəyə idxal olunacaq müasir silah və hərbi texnikanın siyahısını dəqiqləşdirməli, eləcə də qarşı tərəflə idxal şərtlərini müzakirə edərək, imzalamalıdır.
Öz növbəsində Ermənistan Mərkəzi Bankı Rusiyanın "Vneşekonom Bank" Səhmdar Kommersiya Bankı ilə birlikdə kreditin rəsmiləşdirilməsi, habelə, hesabatların tərtibatına dair texniki şərtləri razılaşdırmalı və bu barədə maliyyə və müdafiə nazirliklərini məlumatlandırmalıdır.