Bakıda keçmiş məmurun güllələnməsini sifariş edən qadının atası da tutuldu
Bakıda sabiq məmuru güllələməkdə təqsirləndirilən Günel Süleymanovanın atası Rasim Süleymanov barəsində də cinayət işi açılıb və o, şübhəli şəxs qismində həbs edilib.
APA TV-nin məlumatına görə, onun barəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı məlum olub ki, Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olub Hüseyn Qasımovun etibarından sui-istifadə edərək, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər. Pul xərcləndiyindən qadın tanışlarından birinə killer tapmağı xahiş edib. Bu işə isə 40.000 manat müqabilində əvvəllər adam oğurluğu maddəsinə görə məhkumluq həyatı yaşayan Ramil Hüseynli cəlb olunub.
Sonuncu aprelin 9-da Hüseyn Qasımovun 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında qarşısını çıxaraq “Kalaşnikov” markalı avtomat silahdan bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.