Səlim Müslümov Vergilər Nazirliyi və DSMF-nin yoxlamalarının birləşdirilməsi təklifinə münasibət bildirdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aparılan yoxlamaların birləşdirilməsi ilə bağlı təklifə münasibət bildirib.

 

APA TV-nin xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, DSMF tərəfindən heç bir səyyar yoxlama aparılmır: "Müxtəlif ölkələrdə müxtəlif yanaşma, praktika mövcuddur. Təbiətinə görə sosial sığorta haqqı vergi deyil. Çünki vergi hansısa konkret məqsədə yönəlmir, dövlət büdcəsini doldurmaq üçün təyin olunur. Lakin sosial sığorta haqqının konkret təyinatı var - sığorta hadisəsi baş verdiyi halda, sosial sığorta ödənişi həyata keçirilir. Sosial sığorta haqqı başqa məqsədə istifadə oluna bilməz. DSMF tərəfindən heç bir səyyar yoxlama aparılmır, yoxlamalar yalnız kameral qaydada həyata keçirilir. Hesab edirəm ki, bu gün sosial sığorta haqları üzrə bir yoxlama aparılmırsa, işəgötürən üçün hər hansı bir ağırlığı yoxdur".

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının üzvləri ilə görüşündə "Deloitte Azərbaycan" şirkətinin idarəedici partnyoru Nuran Kərimov Vergilər Nazirliyi və DSMF tərəfindən aparılan yoxlamaların birləşdirilməsini təklif edib.

 

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səlim Müslümov bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran Milli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Təqdim olunan “Milli Qəhrəmanlarımız” kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir.

Müəllif | Apa.Tv
Almaz Qasımova