Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxa bilər: "Onlar Azərbaycanın maraqlarını üstün tutdular"

Ermənistan parlamentində ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması layihəsi müzakirəyə təqdim olunub.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, məsələni millət vəkili, müxalifətçi "Xalq demokratları" Partiyasının sədri Xaçatur Kokobelyan qaldırıb.

Bildirilir ki, Birliyin iqtisadi xarakterli olmasına baxmayaraq, digər üzv ölkələr İrəvanda keçirilməsi razılaşdırılan toplantıya gəlməkdən imtina etdilər. Bu isə aprelin əvvəllərində Dağlıq Qarabağda gərginliyin artması zamanı baş verdi. Halbuki həmin periodda bu tədbirin İrəvanda keçirilməsi Ermənistana dəstək ola bilərdi.

"İttifaqın üzvləri faktiki Azərbaycanın maraqlarını üstün tutdular. Onlar bizim prinsiplərimizi ayaq altına atdılar. Bu bir daha sübut edir ki, Avrasiya İqtisadi Birliyi adında qeyd edildiyinin əksinə olaraq iqtisadi yox, daha çox uğurlu siyasi layihədir", - deyə sənəddə bildirilir.

Qeyd edilir ki, Ermənistanın Birliyə üzv olması onun təhlükəsizliyinin təmini üçün effektsiz olub. Bu addım Ermənistanı alternativ iqtisadi layihələrdən məhrum edib.

Müəllif | Apa.Tv
Apa.tv