Cəbhədə vəziyyət yenidən gərginləşdi, hərbçimiz şəhid oldu
Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.
APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Rüstəm Oruc oğlu Əhmədov şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq.