Elxan Süleymanov: "Azərbaycan və Türkiyə üçün 100 min səs çox azdır"
Bakı Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən Obama Administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsi çərçivəsində tədbir keçirilib.
APA TV-nin məlumatına görə, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu vurğulayan universitetin rektoru, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin aprelin 6-da Ağ Ev Administrasiyasının internet resursunda yerləşdirilən petisiyada fəal iştirak etdiyini qeyd edib.
AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov isə yeddi gün ərzində petisiyanı imzalayanların sayının 100 mini keçdiyini qeyd edərək insanları daha fəal olmağa çağırıb: "Heç bir petisiyada 7 günə bu qədər səs toplanmayıb. Lakin bu çox azdır. Ona görə ki, Azərbaycan xalqı milyonlar tələb edir və milyonlardır. 50 milyonluq Azərbaycanlı üçün, 80 milyonluq Türkiyə xalqı üçün 100 min səs çox azdır".
Assosiasiya sədri bildirib ki, səsvermə mayın 6-na qədər davam edəcək və Obama administrasiyası bundan sonra müvafiq araşdırmaya başlayacaq.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyada 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.