Nazir Kəmaləddin Heydərov AEBA-nın nümayəndə heyəti ilə görüşdü
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA TV-nin xəbərinə görə, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi yarandığı ilk gündən AEBA ilə sıx və faydalı əməkdaşlıq edir.
Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir AEBA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən AEBA baş direktorunun müavini Dazhu Yanq Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, səfər zamanı AEBA-nın nümayəndə heyəti FHN-in “İzotop” xüsusi kombinatında da olmuş, Kombinatın fəaliyyəti ilə yerində tanış olub.