"Dördgünlük müharibə"dən sonra ərazilərdə minatəmizləmə işlərinə başlandı - REPORTAJ
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəbhəyanı kəndləri partlamamış hərbi sursatlardan təmizləməyə başlayıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Qapanlı kəndində minaaxtaranlar xeyli sayda həyətlərə baxış keçirib.
Daşınması mümkün olan mərmilər çıxarılaraq kənarda zərərsizləşdirilib, daşınması mümkün olmayan sursatlar elə yerindəcə partladılıb.
Qapanlı kəndi uzun illərdir ermənilərin mütəmadi atəşinə məruz qalır. Son döyüşlər zamanı isə bu yaşayış məntəqəsi birbaşa ermənilərin hədəfinə çevrilib, 3 gün ağır artilleriyadan aramsız atəşə məruz qalıb. Kənddə təmizləmə işləri aparan ANAMA əməkdaşlarının sözlərinə görə, təkcə kənd sakini Elnur Məmmədovun qapısına 7 ədəd mərmi düşüb. Ev tamamilə yarasız haldadır. Bununla yanaşı, yardımçı tiklilərdə, bağçadakı ağaclarda qəlpə deşikləri açılıb.
Babək Mirzəyev, qrup rəhbəri: "Son hadisələrdən sonra ANAMA-nın tapşırığı əsasında yaradılmış çevik mobil əməliyyat qrupu olaraq Tərtərin cəbhəyanı kəndlərində əməliyyatlar aparılıb. Hazırda 100-ə yaxın mərmi çalasına baxış keçirilib. 36 ədəd partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. Son döyüşlər zamanı Tərtərin cəbhə kəndlərinə ziyan dəyib. Evlər uçub, ağaclara, kənd təsərrüfatına, yaşayış binalarına, artezian quyularına ziyan dəyib".
ANAMA-nın mütəxəssisləri kənd sakinlərini diqqətli olmağa çağırır, gördükləri şübhəli əşyalara toxunmadan aidiyyəti qurumlara xəbər verməyi xahiş edir.
Hazırda minatəmizləmə əməliyyatları davam edir. Minaaxtaranlar bütün həyətyanı torpaq sahələrini bir-bir təmizlədikdən sonra sakinlər öz evlərində qorxusuz yaşaya biləcəklər. Bundan sonra əkin sahələrinə də geniş miqyaslı baxış keçirilməsi planlaşdırılır.