Neft sürətlə bahalaşır, “Brent” neftinin qiyməti 44 dolları keçdi

Dünya bazarında neftin qiyməti sürətlə bahalaşır. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin bir barelinin qiyməti 44,57 dollaradək bahalaşıb. Sonradan qiymətlərdə korrektələr edilib və hazırda “Brent” neftinin qiyməti 44 dollar ətrafında sabitləşir. Səhər seanslarında bu markadan olan neftin 1 bareli 43,94 dollardan satılıb. WTI nefti də xeyli dəyər qazanıb. Qərbi Texas neftinin qiyməti dünən 42 dolları keçsə də, hazırda qiymətlər 41,61 dollaradək enib. Neft bazarında bahalaşma bazar günü Dohada OPEK və kartelə üzv olmayan ölkələrin gözlənilən görüşü ilə bağlıdır. Görüşdə neft hasilatının 11 yanvar tarixi səviyyəsində dondurulması barədə müzakirələr aparılacaq. Görüşdən müsbət qərar çıxarsa, qiymətlərin bir müddət də bahalaşacağı gözlənilir. Tərəflər razılığa gəlməsələr, o zaman neftin qiymətində yenidən ucuzlaşma başlayacaq. Qeyd edək ki, Doha görüşü ərəfəsində birjalarda son hərraclar bu gün axşam saatlarında keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv