Erməni əsgərləri bir-birini güllələdi - İKİ ÖLÜ
Ermənistan İstintaq Komitəsində iki əsgərin ölümü ilə bağlı cinayət işinə başlanıb. APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, istintaqın gedişi zamanı ölüm hadisəsinin təfərrüatı və qətli törədən şəxsin kimliyi dəqiqləşdirilib.
Aprelin 6-da işğal olunmuş ərazilərimizdəki hərbi hissələrin birindəki artilleriya postunda Ermənistan ordusunun iki əsgəri - Qriqor Avetisyan və Suren Aramyan güllələniblər. Müəyyən edilib ki, hərbçilər arasındakı silahlı insident söyüş üstündə baş verib. Gecə saatlarında həmin postda olan digər əsgər iki hərbçi yoldaşına onun ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə avtomat silahdan atəş açıb. Onlar hadisə yerində ölüb.
Adı açıqlanmayan əsgərə Ermənistan Cinayət Məcəlləsinin 104.2-ci maddəsinin 1-ci və 6-cı bəndləri üzrə (iki və daha artıq şəxsin ölümünə səbəb olma) cinayət işi qaldırılıb.
Saxlanılan hərbçi əsgər yoldaşlarının postu tərk edib qaçmaq istədiklərini iddia edib.