Dünən şəhid olan kiçik çavuş Mingəçevirdə dəfn edildi

Aprelin 14-də Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin növbəti təxribatı zamanı açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü kiçik çavuş Rüstəm Oruc oğlu Əhmədov doğulduğu Mingəçevir şəhərində dəfn edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan Rüstəm Əhmədovun nəşi Mingəçevirdəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.


Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə sakin iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!", “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

 

Şəhidin atası əsgərlərimizlə qürur duyduğunu və düşmənlərdən oğlunun qisasını alacaqlarına inandığını bildirib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov