Ermənilərin itkiləri açıqlandı: 322 ölü, 500 yaralı, 50 itkin
Aprelin 2-dən 5-ə qədər Dağlıq Qarabağda baş verən döyüşlərdə erməni tərəfinin dəqiq itkiləri açıqlanıb.
APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, silahlı qarşıdurmalarda Ermənistan ordusunun 322 hərbçisi öldürülüb, 500-dən çoxu yaralanıb, 50 hərbçinin itkin düşdüyü deyilir.
Ermənistan tərəfi hadisələrdən sonra bu günə qədər itkilərinin yalnız bir hissəsini açıqlayıb. Onların bəzilərinin dəfnləri keçirilib, əksəriyyətinin isə aprelin 5-dən sonra təmas xəttində baş verən atışmalar zamanı öldürüldüyü qeyd edilir.
Erməni saytlarında bu faktları təsdiqləyən məlumatlar verilsə də, sonradan hamısı silinib. Ölkədə bu cür xəbərlərin yayılmaması üçün mediaya xüsusi göstərişlər verilib.
İtkin düşdüyü elan edilən erməni hərbçilərinin meyitlərinin gizlədilərək basdırıldığı iddia edilir. Morqlarda hələ də "dördgünlük müharibə"də ölən hərbçi meyitlərinin saxlanıldığı deyilir.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə vasitəçilərin təşəbbüsünə hörmətlə yanaşaraq və beynəlxalq humanitar hüququn normalarına riayət edərək, döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasının həyata keçirildiyini bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyindən qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirilərək qeyd edilib ki, belə xəbərlər Ermənistan kriminal hərbi-siyasi rejiminin itkilərinin çox olduğunu aşkara çıxarmamaq məqsədilə tirajlanır.