Erməni vitse-spiker: "Rusiyanın Azərbaycana silah satması bizi ağrıdır"

Ermənistan parlamentinin vitse-spikeri Ərminə Naqdalyan Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana silah satışının davam etdiriləcəyi ilə bağlı bəyanatına cavab verib.

 

APA TV-nin məlumatına görə, vitse-spiker Rusiyanın yüksək vəzifəli bir şəxsinin Ermənistan cəmiyyətinin etirazla yanaşdığı bir məsələyə bu cür cavab verməsini kobudluq və qəbuledilməz hesab edir.

"Roqozinin bu tərzinə ən yaxşı reaksiya onun çıxışını tirajlayan xəbər saytlarında rəy yazan izləyicilərdən gəldi. Amma daha sonra bu rəylər müəmmalı şəkildə silindi. Bu bir daha həmin bəyanatın ermənilər üçün necə ağrılı olduğunun göstəricisidir", - deyə, Ərminə Naqdalyan qeyd edib.

Vitse-spiker əlavə edib ki, Dmitri Roqozin həm də Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir: "Roqozinin kimlərləsə şəxsi münasibətləri ola bilər. Amma bu münasibətlər dövlət işlərinə qarışdırılmamalıdır, çünki belə anlarda prinsipial məsələlər ön plana çıxmalıdır".

Xatırladaq ki, Rusiya son bir neçə il ərzində Azərbaycana silah ticarəti müqaviləsi çərçivəsində 5 milyard dollarlıq hərbi silah-sursat və texnika satıb.
 

Müəllif | Apa.Tv
Apa.tv