Bakıda Səfəvilər dövlətinə aid tarixi eksponatların sərgisi açıldı

 

Bu gün Azərbaycan Dövlət Tarix Muzeyində Səfəvilər dövlətinə aid tarixi eksponatların, tarixi silah nümunələrinin, pul nişanlarının nümayişi keçirilir. Burada nümayiş olunan əşyaların unikallığı ondan ibarətdir ki, onların bir çoxu ilk dəfə açıq nümayişə təqdim olunur.

 

APA TV-nin xəbərinə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxışında Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərginin ilk dəfə olaraq keçirildiyini bildirib. O qeyd edib ki, sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında hazırlanıb. Eyni zamanda sərginin hazırlıq prosesi çərçivəsində Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin Səfəvilər dövləti və I Şah İsmayıla həsr olunmuş elmi əsərləri dərindən öyrənilib.

 

Sərgilənən eksponatlar arasında Şah İsmayıl Xətainin döyüş qılıncının prototipi, o dövr sərkərdələrinin döyüş paltarları, Səfəvilər zamanında istifadə olunan bir sıra əşyalardan nümunələr, o cümlədən  at üzərində Səfəvi sərkərdəsinin təsvir olunduğu maket də yer alıb. İctimai baxışa təqdim olunan eksponatlar arasında vaxtilə Səfəvilər sarayını bəzəyən müxtəlif antik əşyalar da var. Türkiyədən olan rəssam Efe Uncu tərəfindən 2014-cü ildə hazırlanmış və 1514-cü ildə Səfəvilərlə Osmanlılar arasında baş tutan Çaldıran döyüşünün əks olunduğu suvenir-boşqab nümunəsi isə xüsusilə diqqət çəkir. Muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova burada sərgilənən unikal tarixi eksponatlar barəsində ətraflı məlumat verir: "Bu sərgidə nümayiş etdirilən silah növlərinin əksəriyyəti gerçəkdir. Bu silah nümunələri Səfəvilər dövlətini əks etdirdiyi üçün burada nümayiş olunur".

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə təşkil olunan tədbirin unikallığından söz açıb. O, sərginin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.

 

Bir neçə gün boyunca davam edəcək sərginin sabahdan etibarən ziyarətçilərin üzünə açıq olacağı bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv