Milli Məclis Hesablama Palatasının 2015-ci il üzrə hesabatını qəbul etdi

"2015-ci il dünya iqtisadiyyatında tərəddüdlərin baş verdiyi il kimi yadda qalıb. Buna görə dünya ölkələri daha qənaətli büdcə siyasəti həyata keçirib".

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hesablama Palatasının 2015-ci il üzrə hesabatı”nın müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov deyib.

 

Onun sözlərinə görə, prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya iqtisadiyyatında böhrana baxmayaraq ötən il ölkə iqtisadiyyatı daha az zərərlə çıxıb.

 

Onun sözlərinə görə, əvvəlki illər üzrə aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq Hesablama Palatası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Baş Prokurorluğa göndərilmiş materiallar üzrə 1 055 min manat, digər tədbirlər üzrə isə 565,6 min manat və 20,7 min avro məbləğində vəsaitin bərpası təmin edilib. Beləliklə, hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq 10 mln. 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilib.

 

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Hesablama Palatasının apardığı audit nəticəsində səhiyyə müəssisələrində 100-lə vakant iş yerləri var:

 

“Azərbaycanda səhiyyə ocaqlarını bitirən yüzlərlə məzun var. Səhiyyə işçiləri bu vakant yerlərə işçi cəlb edilməkdənsə, vakant yerlər mövcud tibb heyəti arasında bölüşdürülür. Cənab prezident də dəfələrlə çıxışında vurğulayıb ki, ölkədə yeni iş yerləri yaradılmalıdır. Bu baxımdan vakant yerlərin mövcud tibb personalı arasında bölüşdürülməsini düzgün hesab etmirəm. Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi yanaşılmalıdır”.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası tərəfindən sistemli nəzarət həyata keçirilir: “Büdcə vəsaitinin 5 mlrd. manatlıq hissəsinə Hesablama Palatası nəzarət edir. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatında dövlət büdcəsinin xərcləri üzrə ilə bağlı yol verilən nöqsanlar maddələr üzrə bölünüb. Bu isə nöqsanların aradan qaldırılmasına imkan verir”.

 

Millət vəkili Vahid Əhmədov isə nəzarət tədbirləri nəticəsində büdcəyə bərpa edilən 10 mln. vəsaitin az olduğunu diqqətə çatdırıb: “İndiki vəziyyəti nəzərə alaraq hesab edirəm ki, Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır”.

 

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı