Saxlanılan şəxs: "Kor, şikəst, axsaq, xəstə atları kəsib, mal əti adı ilə Bakıda satırdıq"
İnsan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının, qarşısının alınması məqsədi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib.
APA TV-nin xəbərinə görə, daxil olan məlumatda Saatlı rayonunda mənşəyi məlum olmayan ətin satıldığı bildirilib.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı rayon sakinləri - əvvəllər məhkum olunan Adıgözəl Xəlilov və Elduz Novruzov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, hər iki şəxs Saatlı və ətraf rayonlardan əldə etdikləri xəstə atları kəsərək, Bakı şəhərində mal əti adı altında satışını təşkil etmək istəyiblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at əti istifadəyə tam yararsızdır və insan sağlamlığına təhlükə yarada bilər.
Saxlanılan şəxslər cinayətlərini etiraf ediblər.
Adıgözəl Xəlilov, saxlanılan şəxs: "Xəstə atları alırdıq , göndərirdik Bakıya".
Elduz Novruzov, saxlanılan şəxs: "Kor, şikəst, axsaq, xəstə atları alırdıq. Başını, ayağını aparıb basdırırdıq, ətini göndərirdik. Bu dəfə maşına mindirib göndərən zaman tutulduq".