Almaniyalı deputat: "NATO Gürcüstan və Ukraynadakı səhvləri Azərbaycanda buraxmamalıdır"
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Olav Quttinq “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə müsahibə verib.
APA TV-nin xəbərinə görə, Olav Quttinq təəssüflə bildirib ki, 25 illik tarixi olan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib, münaqişə beynəlxalq diqqətdən kənarda qalıb. Şəksiz Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-qanuni işğal edilib.
Azərbaycandakı qaçqın və məcburi köçkünlərin məsələsinə diqqət çəkən millət vəkili qeyd edib ki, Avropa və dünya ictimaiyyəti tərəfindən bu problemə lazımi diqqət yetirilmir. BMT, ATƏT və Avropa Şurasının bir neçə qətnaməsində birmənalı olaraq göstərilib ki, erməni qoşunları tərəfindən Dağlıq Qarabağ və digər ərazilərin işğalı beynəlxalq hüquqa ziddir. Bu işğal 20 ildən artıq davam edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin dəfələrlə təkrarən təsdiq olunmasına baxmayaraq, bu sənədlərin icra edilməsində heç bir irəliləyiş yoxdur. Olav Quttinq həmin sənədlərin müvafiq qaydada icrasına nail olmaq üçün siyasi iradənin çatışmazlığından gileylənib: "Biz tərəfləri vəziyyəti gərginləşdirən istənilən hərəkətlərdən çəkindirməyə çalışırıq. Gec-tez bu münaqişə öz həllini tapmalıdır. Ərazilərin qanunsuz işğalı dayandırılmalı, Ermənistan ordusu oradan çıxmalıdır. Eyni zamanda biz Rusiya ilə də yeni münaqişəyə cəlb olunmaq fikrindən daşınırıq”.
Millət vəkili bildirib ki, Almaniya bütün mümkün vasitələrlə münaqişənin kəskinləşməsinin, hərbi qarşıdurma müstəvisinə keçməsinin qarşısını almağa çalışır. Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün Avropa, NATO və əlbəttə ki, Rusiyanın birgə səyləri lazımdır. Azərbaycan xarici siyasət kursuna sadiq qalaraq hər iki tərəflə balanslaşdırılmış siyasət yeridir: “Son zamanlar rəsmi Bakı NATO və Avropaya doğru addımlar atır. Bu, Azərbaycanın Qərblə bağlılığının nümunəsidir. Fikrimcə, bu reverans Rusiya orbitindən çıxmaq kimi yozulmamalıdır. İkincisi, Suriya və Ukraynada şahidi olduğumuz hadisələrin təkrar baş verməsinə imkan vermək olmaz. Buna görə də regiondakı bütün siyasi gedişlər yaxşıca ölçülüb-biçilməlidir. Ümumiyyətlə, Cənubi Qafqaz hələ də Rusiyanın təsir dairəsindədir. Bu, Rusiyanın “arxa həyəti”dir və onun üçün çox önəmlidir ki, Qərb bu regiona çox da müdaxilə etmir. Bir daha təkrar edirəm ki, Azərbaycan çox ağıllı hərəkət edir. Çünki bu vəziyyətdə iki böyük oyunçu, iki nəhəng dövlətlə və regional güclərlə daim danışıqlarda olmaq, körpüləri sındırmamaq gərəkdir”.
Jurnalistin “Nə üçün Krım məsələsində Rusiyaya qarşı embarqo tətbiq olundu, amma Azərbaycanın məsələsində belə olmadı və bu haqda heç danışılmadı” sualına cavab olaraq Olav Quttinq 20 il əvvəl bu münaqişənin dünyanın diqqət mərkəzində olmadığını bildirib. Qərb o zaman indi Ukrayna məsələsində olduğu kimi Qarabağ münaqişəsinin nizamlanmasında vahid mövqe sərgiləmirdi. Qarabağ məsələsinə də oxşar münasibət olsaydı, onda Ermənistana qarşı sanksiyalar tətbiq edilərdi.
Deputatın sözlərinə görə, qısamüddətli və ortamüddətli nəticələr danışıqlar vasitəsilə əldə edilə bilər: "Münaqişənin həlli naminə müxtəlif variantlardan istifadə etmək lazımdır. Danışıqlar yolu ilə əldə ediləcək bir kompromis variant isə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi və Qarabağın ətrafında işğal olunan ərazilərin Azərbaycana qaytarılması ola bilər. Düşünürəm ki, bu, münaqişənin mümkün həlli ola bilər".
Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji ehtiyatlarının şaxələndirilməsi məsələlərindən bəhs edən Olav Quttinq neft hasilatçılarının enerji yarışında Azərbaycanın özünəməxsus yer tutduğunu vurğulayıb. Çünki Azərbaycan potensial cəhətdən Avropaya qaz ixrac edən altıncı ölkədir. Karbohidrogen ehtiyatlarının ixracı kontekstində Almaniya Azərbaycanın rolunu gücləndirmək istəyir. Xammalın istənilən inhisarı təhlükəlidir. “Bu səbəbdən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək olduqca vacibdir. Hazırda cəbhə xəttindən 100 kilometrdən az məsafədə neft və qaz boru kəmərlərinin marşrutu keçir. Bu, Avropaya daşımalara təhlükə yaradır. Ona görə də Avropa bu münaqişənin həllində maraqlı olmalıdır. Özü də danışıqlar yolu ilə bütün iştirakçı tərəfləri razı sala biləcək qənaətbəxş həll vasitəsilə. Bizə yeni münaqişə yox, sülh lazımdır".
"Mühüm məsələlərdən biri də odur ki, Azərbaycan müsəlman ölkəsidir, lakin dünyəvi müsəlman ölkəsidir. Bu amili nəzərdən qaçırmaq olmaz. Çünki həm İran, həm də Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanı islamlaşdırmaq üçün təzyiqlər var. Biz Azərbaycana kömək etməliyik ki, bu islamçı tendensiyalar orada baş qaldırmasın. Bu, münaqişəni daha da gərginləşdirə bilər” - deyə, Olav Quttinq vurğulayıb.
Daha sonra alman siyasətçi Qərbin və onun timsalında NATO-nun Gürcüstan və Ukraynada buraxdığı səhvləri Azərbaycanda buraxmamağa tövsiyə edib. Onun sözlərinə görə, regionda baş verən proseslərdən Rusiyanı kənarda qoymaq olmaz. “Azərbaycanın NATO-ya üzvlüklə bağlı heç bir iddiası yoxdur. Hazırda bu müzakirə predmeti deyil. Lakin Avropa İttifaqının öz maraqları var ki, enerji daşımalarına görə orada sabitliyin bərqərar olunmasını təmin etməlidir. Avropa İttifaqı öz vəzifələrindən yaxşı xəbərdardır. Bizə heç bir münaqişədə Birləşmiş Ştatların iştirakı lazım deyil. Avropa İttifaqı öz maraqları naminə danışıqlara nail olmalıdır. Yerindəcə, hətta ruslarla. Bu, ABŞ-ın mütləq aparıcı rol oynadığı region deyil. Məsələnin həll yoluna yalnız avropalılar, azərbaycanlılar və rusların birgə səyləri ilə nail olmaq olar” - deyə, almaniyalı millət vəkili müsahibəsini yekunlaşdırıb.