Gəncədə ödəmə terminallarından oğurluq edən dəstə ələ keçdi

Gəncədə ödəmə terminallarını sındıraraq oradan pul aparan üç nəfər saxlanılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə dəfə MilliÖn ödəmə terminalını qıraraq, oradan pul aparan Gəncə şəhər sakinləri - 1992-ci il təvəllüdlü Tural Əşrəfov, 1990-cı il təvəllüdlü Atil Hacıyev və 1994-cü il təvəllüdlü Həsən Salmanov saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər əlbir olaraq 2015-ci ilin sentyabr ayında şəhərin Şah İsmayıl Xətai prospektində olan MilliÖn ödəmə terminalından nəğd pul oğurlayıb talamağa cəhd ediblər. Lakin cinayəti başa çatdıra bilməyiblər.

 

İkinci cinayət əməlini isə Tural Əşrəfovla Atil Hacıyev bu ilin fevral ayının 14-dən 15-ə keçən gecə şəhərin Atatürk prospektində həyata keçiriblər. Onlar küçədə yerləşdirilən MilliÖn ödəmə terminalını sındıraraq, içərisində olan 1065 manat pulu aparıblar. Onlar aparatın müxtəlif hissələrini zədələməklə başqasının əmlakına 1300 manat dəyərində ziyan da vurublar.

 

Üçüncü cinayət əməli isə saxlanılan hər üç şəxsin iştirakı ilə bu il martın 30-da baş verib. Onlar Nizami küçəsində quraşdırılmış MilliÖn aparatını qıraraq, dəyəri 310 manat olan pul kasetini və içərisindəki 217 manat nəğd pulu oğurlayıb aparıblar. Həmçinin aparatın müxtəlif hissələrini qıraraq özgəsinin əmlakına 1300 manat ziyan vurublar.

 

Gəncə ŞBPİ-nin müstəntiqi Nəsim Vəliyev bildirib ki, bu cinayəti əsasən Atil Hacıyev planlaşdırıb: "İdman papağından maska da hazırlayıb, mismarçıxaran alətləri gətirib, onunla terminalları qırıblar”.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv