Müdafiə Nazirliyi: Ordumuz azad etdiyi bütün yüksəkliklərə nəzarət edir

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki son hadisələrlə bağlı gecikmiş təhliləbənzər etirafı məğlubiyyətə uğramış “sərkərdə”nin özünü təmizə çıxarmaq istiqamətində növbəti uğursuz addımıdır.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, S.Ohanyanın açıqlamaları real hadisələri və vəziyyəti əks etdirməyərək, hələ keçən əsrdə hazırlanmış döyüş nizamnamələrindən köçürülmüş şablon cümlələrdən ibarətdir: “Belə ki, əgər ermənilər döyüş ehtiyatlarından istifadə etmədiklərini, tankçılarının “məharət və şücaətlə” döyüşdüklərini iddia edirlərsə, bəs müdafiənin dərinliyindən köməyə cəlb edilərək kolonlarla hərəkət edən ermənilərin 30-dək döyüş tankının və onlarla artilleriya qurğusunun məhv edilməsinin etirafını sadalamağı niyə unudur? Bir neçə gün əvvəl erməni tərəfi iddia edirdi ki, Azərbaycan dörd hərbi birləşmənin iştirakı ilə irimiqyaslı hücuma keçib. İndi isə S.Ohanyan bu məsələni unudaraq döyüşlərin taqım səviyyəsində aparılmasını öz xalqına sırımağa çalışır.

 

S.Ohanyanın guya erməni ordusunun arsenalında olan hansısa daha güclü silahlar barədə absurd fikirləri isə heç bir məntiqə sığmır. Sual olunur - əgər bu silahlar mövcuddursa, həmin silahların tətbiq edilməsinə kim ona mane olurdu? Biz əminik ki, əgər belə bir silah olsaydı heç şübhəsiz erməni işğalçıları onu tətbiq edərdi. Bəlkə S.Ohanyan hələ keçmiş sovetlər dövründən Ermənistan ərazisindəki hərbi bazalarda qalan və yaxud “erməni ustaların” əldəqayırma üsulla hazırladıqları kimyəvi silahları nəzərdə tutur? Belə olan halda düşmən unutmasın ki, əgər təxribat törədərək bu silahdan istifadə edərsə, yaxud atəşkəsi təkrar pozarsa, mülkü əhalinin təhlükəsizliyinə təhdid edərsə, o halda veriləcək cavabımız daha dəqiq, daha qətiyyətli və sərt olacaq”

 

O ki qaldı Ohanyanın cəbhə xəttindəki mövqelər barədə iddialarına, Müdafiə Nazirliyi bəyan edir ki, erməni tərəfinin təxribatları səbəbindən baş verən döyüş əməliyyatları zamanı bölmələrimizin qarşısına qoyulan tapşırıq cəbhə boyu zonada yerləşən əhalinin təhlükəsizliyini təmin etmək idi. Həmin yaşayış məntəqələri ətrafındakı vacib yüksəklikləri nəzarətə götürən ordumuz qarşıya qoyulan bu tapşırığı uğurla yerinə yetirdi.

 

Nazirlik erməni hərbi birləşmələrinin yüksək səviyyədə idarə olunması və kəşfiyyatının təşkili barədə iddialarını “gülünc” adlandırıb: “Onların tərif etdikləri idarəetmə sistemi elə ilk gündən nə dərəcədə primitiv vəziyyətdə olduğunun, ordunun isə Azərbaycan  hərbi bölmələrinin elə ilk zərbələrindən iflic vəziyyətə düşdüyünün şahidi olduq. Hərbi əməliyyatlar göstərdi ki, erməni silahlı birləşmələrinin təminatı, təchizatı, əlavə qüvvələrin cəlb edilməsi işi necə xaotik və idarəolunmazdır, bölmələr nə qədər özbaşınadır. Hadisələr erməni hərbçilərinin nə qədər acınacaqlı vəziyyətdə olduğunu bir daha göstərdi”.

 

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, əks-həmlə əməliyyatı zamanı ordumuzun düşmənin qüvvələrinə qarşı təşkil olunan elektron mübarizə tədbirləri, PUA-lar vasitəsilə döyüş meydanının, eləcə də düşmənin ön mövqelərinin və müdafiəsinin dərinliyinin izlənilərək nəzarətdə saxlanılması və ona endirilən zərbələr o qədər dağıdıcı olub ki, qarşı tərəf yalnız 2 gün sonra cavab verməyə imkan tapdı. Bu da yalnız onların bütün dünyaya yalvarışlarından sonra, vasitəçilərin döyüş əməliyyatlarının dayandırılmasına dair təkidli xahişləri nəticəsində yaranan sakitlikdən sonra mümkün olub.

 

Müdafiə Nazirliyi bəyan edir ki, xalqla ordunun birliyi, ölkə rəhbərliyinin diqqəti, qayğısı, həmçinin rəşadət və qəhrəmanlıq hesabına Azərbaycan əsgəri düşməni əzib və qaçmağa məcbur edib: “Azərbaycan Silahlı Qüvvələri azad etdikləri bütün yüksəklikləri hazırda nəzarətdə saxlayır, möhkəmləndirir və düşmənin dərinlikdə olan hərbi obyektlərini daim hədəfdə saxlayaraq istənilən an onlara zərbə endirməyə hazırdır. Məhz elə bu fakt erməni tərəfini qorxu və vahimə içərisində saxlayır”.

Müəllif | Apa.Tv