Kafedə əməliyyat: həqiqi puldan seçilməyən külli miqdarda saxta pul tutuldu

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ölkənin maliyyə sisteminə təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat keçirib.

 

APA TV xəbər verir ki, Baş İdarə əməkdaşlarının keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10000 saxta manatı 3500 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.    

 

Saxlanılan şəxslərdən külli miqdarda saxta pul əsginasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

 

Dəstə üzvləri bildiriblər ki, saxta pul əsginaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.

 

İlkin Mehdizadə, saxlanılan şəxs: “Saxta pulları bir yerdə hazırladıq. 10 min manatı satarkən tutulduq”.

 

Müşfiq Əsədli, saxlanılan şəxs: “Üçümüz də saxta pul hazırlayırdıq. 10 min manat dəyərində saxta pulu satarkən tutulduq”.

 

Vidadi Mehdiyev, saxlanılan şəxs: “İlkin, Müşfiq və mən İlkinin kirayəyə götürdüyü evdə kəsdiyimiz saxta pulu satarkən tutulduq”.

 

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginaslarından çətinliklə seçilir.

Müəllif | Apa.Tv