Qurban bayramında hansı heyvanlar qurban kəsilə bilər? - FƏTVA
Qafqaz Müsəlmanları İdarəsin Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. İdarə müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, Uca Yaradandan hamıya mərhəmət diləyir".
APA TV-nin xəbərinə görə, fətvada qeyd edilir ki, qurban kəsilən heyvanlar sağlam, kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır.
Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır.
Qurbanlıq heyvanların yaş həddi də əsas şərtdir. Keçi və qoyunun ili tamam olmalıdır. Öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Bundan əlavə, beş-altı adamın cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər bir-birinə halallıq versinlər. Qurbanlıq əsasən, üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbaya paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bundan başqa, Azərbaycanda insanların dini hüquqlarının demokratik şəkildə təmin edilməsi məqsədilə rəsmi olaraq iki gün - 15-16 oktyabr tarixləri Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.