Türkiyədə növbəti terror: 5 şəhid

Türkiyənin Mardin vilayətində zirehli maşına terror hücumu nəticəsində 4 əsgər şəhid olub, 2 əsgər yaralanıb. Şırnak vilayətində keçirilən anti-terror əməliyyatı zamanı isə 1 polis əməkdaşı şəhid olub, 6 təhlükəsizlik əməkdaşı yaralanıb.

 

APA TV-nin məlumatına görə, Mardin vilayətinin Savur qəsəbəsində yola düzülmüş əldəqayırma partlayıcı hərbi maşın keçərkən partladılıb.

 

Hərbi maşın iki kənd arasında növbəyə gedən əsgərləri daşıyırmış. Partlayış nəticəsində 4 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb. Hadisədən sonra bölgədə geniş miqyaslı anti-terror əməliyyatı başlayıb.

 

Şırnak vilayətində isə PKK terrorçularına qarşı əməliyyat zamanı atışma olub. Terrorçuların polis əməkdaşlarına hücumu nəticəsində 1 polis əməkdaşı şəhid olub, 6 təhlükəsizlik əməkdaşı isə yaralanıb. Yaralılar Şırnak hospitalına və dövlət xəstəxanasına yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv