Azərbaycanın Moskvadakı konsulunu döydülər - YENİLƏNİB
Moskvada Azərbaycanın Rusiyadakı konsulluğunun əməkdaşına qarşı hücum olub. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, hadisə şəhərin Konyuşkovskoy küçəsində baş verib.
Zərərçəkənin sözlərinə görə, o, taksi saxladaraq əyləşib. Yolda sürücü ilə aralarında mübahisə yaranıb. Daha sonra isə mübahisə davaya çevrilib.
Hadisənin necə baş verdiyi həmin ərazidə quraşdırılan kameralara düşüb. Kadrlardan aydın görünür ki, ağ rəngli bir minik avtomobili ərazidə dayanır və içərisindən iki nəfər düşərək küçədə sürücü ilə dava edən azərbaycanlıya hücum edirlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım gəlib.
Azərbaycanın Rusiyadakı səfirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilir ki, aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb. E.Məhərrəmov “Təcili yardım” maşını ilə şəhər xəstəxanaların birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.
İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E.Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib.