Səudiyyə ABŞ-ı hədələdi: 11 sentyabr hadisələri müzakirəyə çıxsa, 750 milyard dollarınızı...
Ər-Riyad Birləşmiş Ştatlar Konqresində Səudiyyə hökumətinin 11 sentyabr terror hadisələrinə görə mühakimə edilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsinə qarşı çıxıb.
APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, qanunun qəbul ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanı Obama Administrasiyasını bu ölkəyə məxsus 750 milyard dollar həcmindəki aktivlərin satılacağı ilə hədələyib.
Ər-Riyad ciddi cəhdlə prezident Barak Obamanın Konqresdə belə bir qanunun müzakirəsini əngəlləməsi istiqamətində iş aparır. Artıq Pentaqon və Dövlət Departamentinin nümayəndələri Amerika qanunvericiləri ilə görüşlər keçirərək, belə bir qanunun qəbul edilməsinin yaradacağı ağır iqtisadi və maliyyə problemləri barəsində onları xəbərdar edib. Məsələ burasındadır ki, qanun konqresdən keçəcəyi təqdirdə, bu, ABŞ-da yerləşən Səudiyyə Ərəbistanına məxsus aktivlərə həbs qoyulmasına imkan verəcək. Buna görə də analoji təhlükənin yaranacağı təqdirdə rəsmi Ər-Riyad ABŞ valyuta xəzinəsinə məxsus qiymətli kağızların da daxil olduğu aktivlərini satışa çıxaracaq.
Artıq krallığın xarici işlər naziri Adil əl-Cübeyr Vaşinqton səfəri zamanı Ağ Ev rəhbərliyinə belə bir xəbərdarlıq da edib. Bu arada, keçmiş senator Bob Qrem Barak Obamanın yaxın iki ay ərzində 11 sentyabr terror aktlarına dair istintaq materiallarına dair 28 səhifəlik hesabatın üzərindən "tam məxfi" qrifini ləğv edəcəyini bildirib.
Sözü gedən sənədlərdə isə Səudiyyə Ərəbistanının həmin terror aktlarında əlinin olması ilə bağlı məlumatlar yer alıb. Ağ Ev-in mətbuat xidmətindən isə prezident B. Obamanın Səudiyyə Ərəbistanı səfərinin aprelin 21-də reallaşacağı açıqlanıb.
Səfər zamanı onun kral Salman bin Əbdül Əziz əl-Səudla görüş keçirəcəyi, o cümlədən Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcəyi gözlənilir.