Cənubi Qafqazın ən az su ehtiyatı olan ölkəsi...
Strateji Araşdırmalar Mərkəzində qurumun əməkdaşı Araz Qurbanovun müəllif olduğu “Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimat mərasimi olub. SAM-ın direktoru Fərhad Məmmədov kitabda bəhs olunan mövzunun dünya və Azərbaycan üçün çox maraqlı olduğunu deyib. Onun sözlərinə görə, su Azərbaycanın strateji maraqlarına və hədəflərinə təsir edən amillərdən biridir. Fərhad Məmmədov Azərbaycanın su ehtiyatlarının Cənubi Qafqazda ən aşağı səviyyədə olduğunu bildirib.
APA TV-nin xəbərinə görə, o, həmçinin erməni işğalı altında olan Sərsəng su anbarı ilə bağlı vəziyyətin də aktual olduğunu deyib.
AMEA-nın müxbir üzvü, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da kitabın əhəmiyyətindən danışıb. O, Azərbaycanın su ehtiyatlarının qonşu ölkələrə nisbətən az olduğunu, amma vəziyyətin o qədər də böhranlı olmadığını deyib.
Prezident Administrasiyasının əməkdaşı Ərəstun Həbibbəyli suyun geosiyasi faktor olduğunu vurğulayıb. Onun sözlərinə görə, benəlxalq təşkilatlara bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də adekvat reaksiya verilməyib.
Çıxışçılar SAM və AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayında bu məsələyə dair beynəlxalq elmi-praktik konfransın keçirilməsini təklif ediblər.