Balakəndə film kimi qəza: bıçaqlanan gənci xəstəxanaya aparan maşın piyadanı vurdu
Balakəndə 21 yaşlı gənc həmyerlisi tərəfindən bıçaqlanıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 19.00 radələrində baş verib.
Balakən şəhər sakini, 1995-ci il təvəllüdlü Həsən Miqdat oğlu Məmmədov qarnının və döş qəfəsinin sağ nahiyələrinin kəsilmiş-deşilmiş və daxilə qan axması diaqnozu ilə xəstəxanaya daxil olub. Əməliyyatdan sonra H.Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Balakən Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə hələlik bilinməyən səbəbdən baş verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Məmmədovun rayonun Tülü kənd sakini, 1983-cü il təvəllüdlü Mahir Telman oğlu Xəlilov tərəfindən bıçaqlandığı məlum olub. M.Xəlilov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.
Məlumatda o da bildirilir ki, xəsarət alan H.Məmmədovu xəstəxanaya aparan avtomobil yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini, 1961-ci il təvəllüdlü Fərman Şamil oğlu Saramanovu vurub. Qəza nəticəsində sol ayağının baldır nahiyəsindən xəsarət alan F.Saramanova Balakən RMX-nın cərrahiyyə şöbəsində lazımi yardım göstərilib. O, bu gün səhər saatlarında ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.