İran neft hasilatını sutkada 4 milyon barelə yaxınlaşdırdı

İranda neft hasilatı sutkada 3,5 milyon barelə çatdırılıb. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, bu barədə İranın milli neft şirkətinin baş direktoru Rohnəddin Cavadi açıqlama verib.

Hazırda İranda xam neft hasilatı orta hesabla 2 milyon barel səviyyəsindədir. Aprelin sonuna kimi qaz kondensatı ixrac səviyyəsinin 10 faiz artacağı proqnozlaşdırılır. Ölkə mətbuatının verdiyi məlumata görə, ötən ay hasilatın səviyyəsi 3,1 milyon barel təşkil edib. Neft naziri Bijan Zəngani dövlət büdcəsində ixrac səviyyəsinin yeni ildən 2,25 milyon barelə çatdırılmasının nəzərdə tutulduğunu açıqlayıb. Bu isə cari ildə hasilatın 4 milyon səviyyəsində müəyyən olunması anlamına gəlir.

 

İrana qarşı sanksiyaların tətbiqindən sonra hasilat sutka ərzində 2,5 milyon barelə qədər azalıb. İxraca gəlincə, sanksiyalara uyğun olaraq onun həcmi 1 milyon bareldən artıq ola bilməzdi. Bu arada İran hökuməti "qara qızıl"ın hasilat və ixrac səviyyəsinin ölkənin sanksiyalar səbəbindən itirdiyi mövqelərinin bərpasına qədər artırılmasında qərarlıdır. Rəsmi Tehran həmçinin OPEK üzvü olan və müstəqil ixracatçıların hasilat səviyyəsinin azaldılması haqqında razılaşmasına qoşulmayacağını açıqlayıb.

Qeyd edək ki, bu məsələ neft istehsalçısı ölkələrinin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək görüşü zamanı müzakirəyə çıxarılacaq.

Müəllif | Apa.Tv
Apa.tv