Lerikdə təbii fəlakət: rayona güclü sel gəlib
Aprelin 16-da axşam saatlarından başlayan leysan xarakterli yağış dağlıq Lerik rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.
APA TV-nin cənub bürosunun xəbərinə görə, sel suları əsasən rayonun Vizəzəmən və Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinə ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda mal-qara, qoyun-quzu, ev quşları tələf olub, Təbrizli kəndindəki dəmir konstruksiyalı körpü yarasız vəziyyətə düşüb, hektarlarla əkin sahəsini sel suları yuyub aparıb. Bundan əlavə, rayonun yuxarı dağ kəndlərində onlarla piyada və avtomobil körpüsü də sel suları nəticəsində dağılıb.
Selin fəsadları Lerikin turizm obyektlərindən də yan keçməyib. Kotteclərin içinə dolan sel suları otaqları bərbad vəziyyətə salıb, əyləncə mərkəzlərini, oyun meydançalarını dağıdıb, bir neçə kotteci tamamilə yuyub aparıb.
Rayonun bəzi ərazilərində isə torpaq sürüşmələri qeydə alınıb. Hazırda Lerik Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.