Mal-qara axtarırdılar, minaya düşdülər...
Daxili İşlər Nazirliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində mülki şəxslərin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb. Nazirlikdən APA TV-yə bildirilib ki, oktyabrın 6-da saat 10.30 radələrində Qazax rayonu Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüb.
Baş vermiş partlayış nəticəsində Əli Əliyev ölüb və meyiti həmin ərazidə qalıb, xəsarət alan Xəqani Məhərrəmov və Vəzir Əliyev isə xəstəxanaya yerləşdirilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya bildirib ki, komitənin nümayəndələri hadisə ilə bağlı danışıqlara başlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları hadisə baş verən Qazax rayonuna gediblər. Baş vermiş hadisə ilə bağlı komitə tərəfindən hər iki ölkənin rəsmi qurumları ilə danışıqlar aparılır.