Azərbaycan XİN: Ermənistan rejimi cəsədləri qisas və siyasi möhtəkirlik obyektinə çevirir

"Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan hərbi qulluqçusunun nəşini nümayişkaranə şəkildə qaytarmaqdan imtina etməsi beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və əlavə protokolların normalarının rəsmi Yerevan tərəfindən növbəti kobud pozulmasıdır".

 

APA-nın məlumatına görə, bu bəyanatla Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

 

O bildirib ki, humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qisas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilib.

 

"Cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də, rəsmi Yerevanın imtinasından sonra susqunluq nümayiş etdirmələri başadüşülən deyil. Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir", - deyə H. Hacıyev qeyd edib.

 

Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək, Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib.

Müəllif | Apa.Tv
Apa.tv