Yaponiyada bir gündə 400-dən çox zəlzələ: ölü sayı 41-ə çatdı
Yaponiyada son 24 saat ərzində 400-dən çox zəlzələ qeydə alınıb. APA TV-nin xəbərinə görə, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi məlumat yayıb.
Ölkənin cənub-qərbində meydana gələn 6.5 və 7.3 gücündə zəlzələdə ölənlərin sayı 41-ə yüksəlib. Küsü adasındakı Kumamoto bölgəsində 2 mindən çox insan müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Dağıntılar altında qalan insanların xilas edilməsinə başlanıb. Hökumət minlərlə peşəkar və könüllünün qatıldığı xilasetmə əməliyyatlarına ABŞ-ın göndərdiyi hərbi təyyarələrin də havadan dəstək verdiyini bildirib. Yağışların yağması və təkanların davam etməsi xilasedicilərin işini çətinləşdirir.
Evlərinə girə bilməyən insanlar gecəni avtomobillərdə, məktəb, idman salonları kimi yerlərdə keçirir. Zəlzələdən ən çox Maşiki bölgəsi ziyan görüb, 20 insan ölüb. Mindən çox ev yararsız hala düşüb. İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bölgədəki 80 min evə hələ də elektrik və su verilmədiyini bildirib.
Yerli seysmoloqlar yeraltı təkanların azı bir həftə davam edəcəyini və güclü təkanların təkrarlanacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Yaponiyada 11 mart 2011-ci ildə baş verən 9 ballıq zəlzələ və zəlzələnin yaratdığı sunamidə 18 mindən artıq insan həyatını itirib.