Azərbaycan prezidenti: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilməlidir"

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 

2013-cü ilin 9 ayının Azərbaycan üçün uğurlu olduğunu və qarşıda duran bütün vəzifələrin icra edildiyini deyən prezident İlham Əliyev bildirib ki, bu dövrdə bütün makroiqtisadi göstəricilər yüksək səviyyədə olub, iqtisadiyyat 5,4 faiz, qeyri-neft sektoru isə 10,4 faiz artıb və bu, dünya miqyasında ən yüksək göstəricidir.

 

Prezident qeyd edib ki, 9 ayda əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bu sahədə xeyli proqramlar icra edilib. Regionların inkişafı ilə bağlı bütün hədəflərə nail olunub və bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. İndiyə qədər ölkədə açılan iş yerlərinin sayı isə 1 milyon 200 mini ötür.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən Prezident İlham Əliyev bildirib ki, münaqişənin həllində hələ ki, ciddi irəliləyişə nail olunmayıb. Bununla belə, Azərbaycan uğurla inkişaf edir, işğalçı Ermənistanda isə sosial-iqtisadi və siyasi böhran getdikcə dərinləşir.

 

Ötən dövrdə xarici siyasət sahəsində bir çox uğurların qazanıldığını deyən Azərbaycanın bütün tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət və etimad əsasında qurduğunu deyib. “Biz öz milli maraqlarımızı müdafiə edirik” deyən prezident İlham Əliyev bildirib ki,  Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır.

 

Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu ilin 9 ayında həyata keçirilən tədbirlərdən danışıblar.

İclasa yekun vuran prezident  İ. Əliyev bu müsbət dinamikanın qorunması ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsinin vacib olduğunu deyib.

 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, son 9 ayda 500 mindən çox insanın müraciət etdiyi ASAN xidmət şəbəkəsinin ölkə üzrə genişləndirilməsi ilə bağlı tapşırıqlarını verən dövlət başçısı qarşıdakı dövrdə əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinin əhəmiyyətinə toxunub.

 

“Artıq Azərbaycan bölgənin nəqliyyat və logistika mərkəzidir” deyən dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinin başa çatmaq üzrə olduğunu bildirib. Demoqrafik vəziyyətin yaxşı olmasını ölkənin ən böyük üstünlüklərindən biri kimi xarakterizə edən prezident İ. Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu dövrdə ölkəyə 150 milyard dollar investisiya qoyulub, büdcə xərcləri 20 dəfə çoxalıb. Yoxsulluq 10 ildə təxminən 10 dəfə azalıb, xarici dövlət borcu cəmi 7-8 faiz təşkil edib, pensiyalar 10 dəfə, maaşlar 6 dəfə, müdafiə xərcləri isə 20 dəfədən çox artıb və hazırda Azərbaycanın müdafiə sənayesi 750 adda məhsul buraxır.

Müəllif | Apa.Tv