Rusiyalı politoloq: "Münaqişənin alovlanması qaçılmaz idi"
“Münaqişənin alovlanması qaçılmaz idi. Çünki münaqişə dondurulmuş deyil, həll olunmamış səviyyədə idi”. APA TV-nin məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, ölkələr arasında güc balansı bütün cəhətdən sürətlə Azərbaycanın xeyrinə dəyişir: “Lakin münaqişənin həllində heç bir irəliləyiş olmurdu. Bu isə münaqişənin alovlanmasına təkan verdi. Birincisi, orada heç bir sülhməramlı yoxdur, silahlı qüvvələr üzbəüz dayanıb. İkincisi, münaqişə yox, danışıqlar dondurulmuş idi. Hər üç həmsədr ölkədə erməni diasporu güclüdür və bu da imkan vermir ki, həmin ölkə Ermənistana hansısa formada təzyiq göstərsin”, - deyə politoloq vurğulayıb.
Markovun qənaətincə, danışıqların indiki mərhələsində ATƏT-in Minsk qrupu Rusiyanı dəstəkləməyə başlayacaq: "ABŞ-ın başı seçkilərə qarışıb, üstəlik, erməni diasporunun seçkilərdə dəstəyinə ehtiyac duyur. Fransua Olland hökuməti də o qədər güclü olmadığını göstərdi. Rusiya isə münaqişənin donunun açılmasında təşəbbüskar kimi çıxış etdi. Digər ölkələr bu təşəbbüsü dəstəklədilər. İndi masa üzərində 2011-ci ildə hazırlanan Kazan formulu var. O zaman siyasi iradə olmadığı üçün bu formul həyata keçmədi. Bu formulda müvəqqəti tarixi kompromis nəzərdə tutulur. Plana əsasən, əvvəlcə Qarabağ ətrafındakı rayonlar qaytarılmalıdır. Onların sayı yeddidir. Neçəsinin qaytarılacağı isə danışıqlarda müzakirə olunacaq. Bu, Azərbaycanın qazancıdır".
Politoloq həmçinin bu münaqişənin mərhələli şəkildə həll olunmalı olduğunu vurğulayıb: "Ola bilər ki, bölgəyə sülhməramlılar yerləşdirilsin. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi və qaçqınların geri qaytarılması məsələləri olacaq. Mənim proqnozum belədir ki, danışıqlara tezliklə başlanacaq və onlar əvvəlki kimi çox uzanmayacaq. Hansısa prinsiplərdə artıq razılaşmaya nail oluna bilər və qaçqınların qaytarılmasına başlanıla bilər”.
Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qatılması perspektivlərinə gəlincə, Sergey Markov onların danışıqlarda tərəf olaraq qəbul edilməsini mümkün saymasa da, qeyd edib ki, həll prosesində yeni bir variant təklif edən hər kəs istirak edə bilər.