Prezident İlham Əliyev “BakuBus” MMC-nin ikinci deposunun açılışında iştirak edib
Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyev “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ikinci deposunun açılışında iştirak edib.
APA TV-nin məlumatına görə, dövlət başçısına burada yaradılan şərait barədə məlumat verilib.
Prezident deponun rəmzi açılışını bildirən lenti kəsib və inzibati binada yaradılan şəraitlə tanış olub.
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli dövlət başçısına “BakuBus” MMC-nin on aylıq fəaliyyəti barədə məlumat verib.
Prezident “BakuBus” MMC tərəfindən gələcəkdə alınması nəzərdə tutulan avtobuslara da baxıb.
Diqqətə çatdırılıb ki, “BakuBus” MMC tərəfindən ilk dəfə olaraq hava limanı ekspress xətti istifadəyə verilib. Müasirliyi və rahatlığı ilə seçilən 5 avtobus sərnişinləri metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə fasiləsiz olaraq daşıyır. Avtobusların sərnişin tutumu 48 yerlikdir.
Hazırda paytaxtın müxtəlif yerlərində, avtobus dayanacaqlarında “Bakıkart”ın ödəmə aparatları quraşdırılıb. Bundan başqa, “MilliÖn” aparatları da “Bakıkart” sisteminə inteqrasiya edilib. Sakinlər bu aparatlarda həm “Bakıkart” əldə edə, həm də kartın balansını artıra bilərlər.
Dövlət başçısına məlumat verilib ki, “BakuBus” MMC-nin ikinci deposunun ümumi ərazisi 8 hektardır. Ərazidə inzibati bina ilə yanaşı, köməkçi binalar, o cümlədən sürücü, tibb, təmir mərkəzləri, avtobusları yuma və gecə növbəsində işləyənlərin qalması üçün məntəqələr inşa edilib.