Qardaşı 3 uşaq anası olan bacısını niyə qətlə yetirib? - TƏFƏRRÜAT

Bakıda törədilən qətlin təfərrüatları məlum olub. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayıb.

 

Qonşu hadisəni belə xatırlayır: "Uşaq gəldi ki, bir kişi bir qadını döyür. Bir kök oğlan idi, əlində nəsə vardı. Dedi, girin içəri. İniltiyə çıxdım, gördüm gəlin qan içindədir".

 

Qonşuların dediyinə görə, 3 uşaq anası olan Turanə Davudova 3-cü dəfə ərə getdiyini desə də, qeyri-rəsmi yaşaması ailə üzvləri tərəfindən yaxşı qarşılanmayıb. Bu gecə Turanənin kirayədə yaşadığı evə gələn Elşad uşaqları aşağı apardıqdan sonra özü yuxarı qalxaraq, qadına çoxsaylı bıçaq xəsarətləri yetirib.

 

Elşadın getdiyini görən qonşular dərhal təcili tibbi yardıma zəng ediblər. Xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

 

Hadisəni törədən E.Davudov saxlanılıb, istintaq gedir.

Müəllif | Apa.Tv