Neftin qiyməti hansı həddə kimi ucuzlaşacaq? - ANALİTİKLƏR

Neft hasil edən ölkələrin Doha görüşündə kompromisə gələ bilməməsi “qara qızılın” taleyi ilə bağlı çoxlu suallar doğurub. APA TV-nin məlumatına görə, tanınmış neft treyderlərinin əksəriyyəti həftə ərzində qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır. “Natixis” mərkəzinin analitiki Abişek Deşpand hesab edir ki, görüşdən çıxan neqativ nəticə neftin bir barelinin qiymətinin 30 dollaradək düşməsinə səbəb ola bilər. Digər analitik Anqus Nikolsonun fikrincə, texniki baxımdan qiymətlər 38 dollar səviyyəsində stabilləşə bilər. Qiymət bu həddən aşağı düşsə, o zaman neft bazarında ciddi qarışıqlıq yaranacaq. Analitik bildirir ki, yüksək qiymətlər Doha görüşündən hasilatın dondurulacağı gözləntilərinə əsaslanırdı, gözləntilər özünü doğrultmadığına görə, qiymətlərin 30 dollar həddinə düşəcəyi realdır.

 

Saxo Bankın baş strateqi Ole Xansen isə qiymətlərdə ciddi dəyişikliklər olmayacağını düşünür. Onun sözlərinə görə, ikinci rübdə qiymətlərin 35-45 dollar aralığında dəyişəcəyini gözləmək daha məqsədəuyğundur. Xansen hesab edir ki, qiymətlərin bahalaşmasına Doha görüşündən çox, Şimali Amerikada neft hasilatının kəskin azalması faktı daha çox təsir göstərmişdi və bu fakt hələ də bazara təsirini saxlayır.

 

“Goldman Sachs”ın analitikləri Doha görüşünün bazarda qiymətləri alt-üst edəcəyi fikri ilə razı olsa da, hesab edirlər ki Küveytdə neft hasilatının kəskin azalması investorlarda müəyyən ümidlər yaradıb. Qeyd edək ki, neft sektorunda çalışanların uzunmüddətli tətilə başlaması səbəbilə Küveytdə gündəlik neft hasilatı 2,81 milyon bareldən 1,1 milyon barelədək, yaxud 60% azalıb.

 

Analitik Co Randl isə Doha görüşünün OPEK-in imicinə ciddi zərbə vurduğu qənaətindədir. O hesab edir ki, bu görüşdən sonra OPEK faktiki olaraq neft bazarına təsir imkanlarını itirmiş olub. 

Müəllif | Apa.Tv
Apa.tv